XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: “İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.
Əgər Ermənistanın bundan öncəki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.
Mənbə: Azxəbər