Veteran döyüşçü Amil Hümbətov

Hümbətov Amil 1987-ci ildə hərbi xidmətdən qayıdır. Hər bir gənc kimi onun da arzuları var idi. O çox istəyirdi ki, Ali təhsil alsın və peşəkar insan kimi xalqa xidmət etsin. Buna görə də Amil sənədlərini hazırlayıb Xalq Təsərrüfatı İnstitutuna təqdim etmək istəyirdi. Lakin taleh elə gətirdi ki, müharibə onun bu arzusunu ürəyində qoydu. Amil vətənə o qədər bağlı insan idi ki, çox istədiyi bu arzusunu kənara qoyub vətənin müdafiəsinə qalxdı. O hələ 1-ci Qarabağ müharibəsi başlamışdan əvvəl 1988-1992-ci illərdə Xalq hərəkatına qoşulub. Erməni millətçilərinin Qarabağda törətdiyi iğtişaşlara öz etirazını bildirib.
1992-ci ildə Xocalı faciəsi baş verir. Bu qırğına, soyqırıma dözə bilməyən Amil Sabirabad rayon hərbi komissarlığına müraciət edir və könüllü olaraq cəbhəyə yollanır. Orada yerləşən Eldar Bağırov adına 845 Ağdamın yerli özünümüdafiə batalyonunun ilk əsgərlərindən biri kimi döyüşlərə qoşulur.Həmin batalyon müstəqil Azərbaycan Respublikasının Milli ordusunun yaranmasında əhəmiyyətli rol oynayıb.
O dövrlərdə Azərbaycan yeni müstəqillik qazandığı üçün nizamlı ordu formalaşdırılmamışdı. Ona görə də Azərbaycanın mərd oğullarından ibarət yerli özünümüdafiə batalyonu yaradılmışdır. Amil Hümbətov da vətənpərvər gənc olaraq bu batalyonun əsgəri kimi Erməni işğalçılarına qarşı qəhrəmancasına döyüşüb. Amil vətən torpaqlarını, xalqı qorumaq uğrunda gedən bu döyüşlərdə şücaət göstərib. Yağı düşmənləri torpaqlarımızdan çıxarmaq üçün son nəfəsədək döyüşməyi qarşıya məqsəd qoyan Amilə şəhidlik nəsib olmasa da, qazi olmaq qismət olur.Erməni silahlı qüvvələri 360-cı motoatıcı alayın köməyi ilə Xocalıda qırğınlar törədən zaman sağ qalan dinc sakinlərin köməyinə də Azərbaycanın bu mərd oğulları yetişib. Bir çox əsirlərin döyüş bölgəsindən çıxarılmasına da müvəffəq olublar.
Qəhrəmanımız döyüş xatirələrindən söhbət açan zaman qeyd edirdi ki, silah sursat çatışmazlığı var idi. 30 əsgərə 1 avtomatla postlarda dayandıqları vaxt olub. O, daha çox Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Hansı ki, bir müddət əvvəl Azərbaycanın Müzəffər ordusu Bayrağımızı Şelli kəndinə sancdı.1992-ci il iyun ayının 12-də torpaqlarımızı geri qaytarmaq üçün əks-hücum əməliyyatları həyata keçirilib. Həmin istiqamətlərdə gedən Aranzəmin, Pircamal, Naxçıvanik daha sonra Abdal və Gülablı kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Pircamal kəndində gedən döyüşdə çoxsaylı qəlpə yarası alan Amil, buna baxmayaraq yenidən döyüş meydanına qayıdır. Qeyd edək ki, Ağdamda yerləşən yerli özünümüdafiə batalyonunun komandiri Milli qəhrəman Allahverdi Bağırov olub. Amil Hümbətov məhz həmin batalyonda döyüşüb və həmişə deyir, fəxr edirəm ki, Allahverdi Bağırovun komandirlik etdiyi hərbi hissədə xidmət etmişəm.
Amil Hümbətov söhbətlərində xüsusilə qeyd edir, Azərbaycanın hər bir rayonunda vətənpərvər, xalqını sevən, döyüşə daim hazır olan mərd oğullar var. Eləcə də Sabirabad rayonunda. Sabirabadlılar həmişə Vətənin ağır günündə silaha sarılıb döyüş bölgəsinə gedənlərdən olublar. Amil döyüşlər zamanı şəhid olan silahdaşlarını xatırlayır və onların necə qəhrəmanlıqla döyüşdüyünü xüsusilə vurğulayır. Bir yerdə xidmət etdiyi Milli qəhrəman Mübariz Əhmədov ( Sabirabad, Qaratəpə kəndi), Əhmədov Daşqın, Məmmədov Mirhüseyn (Nizami kəndi) və başqalarının adlarını qeyd edir. Silahdaşlarından Milli qəhrəman Mübariz Əhmədov 1992-ci il sentyabrın 24-də Ağdamın Abdal və Gülablı kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu cür mərd, qorxmaz döyüş yoldaşının itkisi onu kədərləndirir. 1992-ci ildə Aranzəmin və Pircamal kəndlərinin azad olunması uğrunda gedən döyüşlər Amil üçün daha ağır olur. Çünki 10 il bir yerdə oxuduğu sinif yoldaşı, həmkəndlisi Mirhüseyn Məmmədovu qeyri-bərabər gedən bu döyüşlərdə itirir. Bu itki onu sarsıdır. Amil bu vaxta qədər onun qisasını ala bilmədiyi üçün ürəyi rahatlıq tapa bilmirdi.Ali Baş komandanın rəhbərliyi, ordumuzun gücü sayəsində Ağdam rayonu işğaldan azad olunanda Veteran döyüşçünün ürəyi təskinlik tapdı. Çünki yoldaşının, bütün şəhidlərimizin qısası Rəşadətli ordumuz tərəfindən alındı.
Milli ordu yaranandan sonra oktyabr ayından artıq “Könüllü”lərə ehtiyac qalmadı. Buna görə də daxili qərarla “könüllü”ləri tərxis etdilər.Qəhrəmanımız Sabirabad rayonunun Nizami kəndində yaşayır. Qarabağ veteranı ordumuzun haqq savaşında qazandığı bu qələbəni qürur hissi ilə qeyd edir.Deyir ki, indi döyüş yoldaşlarımın, torpaqlarımız uğrunda şəhid olan oğullarımızın ruhu rahatlıq tapıb. Çünki Müzəffər Azərbaycan ordusu onların qisasını alıb, zəfər qazanıb və torpaqlarımızı geri qaytarıb.Qeyd edək ki, veteran döyüşçünün oğlu Amil Hümbətov da vətənin keşiyində xidmət çəkir.
Eşq olsun Azərbaycan ordusuna, Yaşasın Ali Baş Komandan, Eşq olsun Azərbaycan Xalqına. Qarabağ Azərbaycandır!



