Ca. İyn 26th, 2025

“Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirildi

İyunun 12-də  Təhsil naziri Ceyhun Bayramov “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.

Təhsil Nazirliyinin verdiyi məlumata görə, Ceyhun Bayramov şagirdlərə xatırladıb ki, ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan “Virtual məktəb” portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının əsas məqsədi şagirdlər arasında əsaslı rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq olub.

Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur.

Karantin müddətində müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib.

Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub.

Ceyhun Bayramov onu da bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.

Təhsil naziri bütün məktəbliləri “Məzun günü” münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.

Sonra şagirdlər nazirlə “Virtual əlaçı” müsabiqəsində iştirakla bağlı təəssüratlarını bölüşüb, ona  suallarını ünvanlayıblar.

Mənbə: Qafqazinfo

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com