Ç. İyn 25th, 2025

Mərhum xanəndənin dəfnində iştirak edənlər cərimələndi

Xalq artisti, Prezident təqaüdçüsü xanəndə Teymur Mustafayevin dəfnində iştirak edən bir sıra şəxs xüsusi karantin rejimi qaydalarını pozduğu üçün cərimələnib.

Mediamax.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumat verib.

“Dəfn mərasimində, təqribən, 30 nəfər şəxs iştirak edib. Onlardan əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”, – məlumatda bildirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Onu da qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi xanəndənin koronavirusdan öldüyünü açıqlayıb.
T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında dəfn edilib.

Mənbə: Qafqazinfo

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com