Deputat Fəzail Ağamalının keçmiş Xarici İşlər Naziri ilə bağlı fikirləri

“Azərbaycan vətəndaşları olaraq, ölkə prezidentinin dünən müşavirədə söylədiyi bütün fikirlərlə həmrəyik və onu dəstəkləyirik”.
Bunu öz açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirən deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, iyul ayının 12-dən Ermənistanın Azərbaycana qarşı təcavüzünün ölkəmizin Silahlı Qüvvələri tərəfindən yüksək peşəkarlıqla qarşısı alınıb: “Azərbaycan Ordusu, igid əsgər və zabitlərimiz Ermənistana çox ağır, sarsıdıcı zərbələr endirdi.
Ermənistan belə güman edirdi ki, bu qəfil və xain hücumla Azərbaycanın mövqelərini dağıdacaq, Azərbaycanın ərazisinə doğru irəliləyəcək. Digər tərəfdən isə Rusiyanı və müttəfiq olduğu KTMT-nin digər üzvlərini bu münaqişəyə cəlb edə biləcək.
Lakin bunların heç biri olmadı. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərlə düşmənə layiqli cavab verildi, dövlət başçısı bundan sonra da Ermənistana qətiyyətli cavab veriləcəyini bir daha diqqətə çatdırdı”.
F. Ağamalı vurğulayıb ki, ölkə Prezidenti Ermənistanın təcavüzünə son qoymaq və torpaqlarımızı işğaldan azad etməyə xidmət edən digər məqamlarla bağlı da fikirlərini bildirdi: “Azərbaycanın haqq işinin, ədalətli mövqeyinin və beynəlxalq hüquqa söykənən çağırışlarının dünya miqyasında reallaşması və beynəlxalq aləmdə Ermənistanın daha ciddi şəkildə ittiham olunması və təcavüzkar siyasətinin ifşa edilməsi baxımından diplomatik mübarizə ciddi önəm kəsb edir.
Ölkə prezidentinin fəaliyyətinin bütün tərəflərində hücum diplomatiyası birmənalı şəkildə özünü göstərir. Lakin XİN-in fəaliyyətində hücum diplomatiyasının təzahürlərini görə bilmirik. Xüsusi olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarovun uzun illərdən bəri fəaliyyətində ciddi nöqsanlara yol verməsi və hücum diplomatiyasında yer almaması, ölkə başçısının da qeyd etdiyi kimi kiminsə, xoşuna gəlmək üçün hətta düşmənə jestlər etməsi, Azərbaycanın milli maraqlarına uyğun addımlar atmaması çox böyük təəssüf doğurur. Təsadüfi deyil ki, ölkə başçısı bu məqamın üzərində xüsusi olaraq dayandı.
Ən bağışlanmaz məqam bundan ibarətdir ki, ölkədə müharibə gedən vaxt Xarici İşlər nazirini tapmaq mümkün olmayıb. Prezidentin tapşırığı ilə Baş Nazir onu axtaranda isə məlum olur ki, o, evindən işləyir. Onun evində hansı ciddi kommunikasiyalar var ki, XİN rəhbəri belə həssas məqamda işə gəlməyə ehtiyac görməyib. Hər halda onun rəhbərlik etdiyi nazirlikdən işləri idarə etməsi daha rahat olar, nəinki evindən?!
Bu, əslində məsuliyyətsizlik deyil. Onu təkcə işdən çıxarmaqla kifayətlənmək olmaz. Elmar Məmmədyarov Azərbaycan qanunları qarşısında cavab verməlidir. Bu baxımdan ölkə prezidentinin bu çağırışları Azərbaycan xalqının dövlət maraqlarına tamamilə xidmət edir”
Mənbə: Apa