Azərbaycan Qazaxıstana nota verdi

Mayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.
Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.
Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.
Səfir S. Abdıkarimov öz növbəsində vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verib və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. Həmçinin, hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün Səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.
Mənbə: Qaynarinfo