Azərbaycan Respublikasının Milli Qəhrəmanı-Pəncəli Teymurov
Adın mübarək, Şəhidim! 15 noyabr 2025-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin və Lənkəran şəhər R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə cənab Prezident İlham Əliyev tərəfindən şəhid Pəncəli Teymurova “Milli Qəhrəman” adı verilməsi ilə əlaqədar şəhidin ev muzeyində “Adın mübarək, Şəhidim!” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkilləri, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran Dövlət Universitetinin müəllimləri, Lənkəran şəhər R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin direktoru və müəllim kollektivi, təhsil işçiləri, Astara rayonunun Əzərüd kənd sakinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Milli Qəhrəman, şəhid Pəncəli Teymurovun qəbri ziyarət edildikdən sonra, əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış edərək şəhid Pəncəli Teymurovun qəhrəmanlığını, Vətən uğrunda göstərdiyi fədakarlığı vurğuladı. O, çıxışının sonunda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasında şəhid Pəncəli Teymurovun kətan üzərində çəkilmiş portretini ailəsinə hədiyyə etdi.
Tədbirdə millət vəkilləri Fariz İsmayılzadə,
Anar İskəndərli, Rəşad Mahmudov, Vasıf Qafarov və Məşhur Məmmədov,
Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə, Astara Rayon İcra Hakimiyyətinin rəsmiləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Əzərüd kəndinin sakinləri, qazilər, şəhid anaları, eləcə də bir sıra regional qurumların rəhbərləri çıxış edərək cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğuladılar. Çıxışlarda həmçinin ölkəmizdə Vətən uğrunda qəhrəmanlıq göstərmiş övladlarımızın xatirəsinin dövlət səviyyəsində daim uca tutulduğu bildirildi.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın sözlərinə və bəstəkar-musiqişünas Zəminə Taryelqızının musiqisinə bəstələnmiş “Heydər baba” mahnısı səsləndirildi, bədii hissə ərzində oxunan şeirlər, ifa olunan musiqilər iştirakçılarda xoş ovqat yaratdı.
Tədbirin sonunda şəhidin anası Vahimə xanım çıxış edərək, oğluna Milli Qəhrəman adı verilməsi münasibətilə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O, şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, oğlunun adının və qəhrəmanlığının həmişə xatırlanacağına əminliyini ifadə etdi.
Sonda Milli Qəhrəmanın ev muzeyi ziyarət olundu və xatirə şəkilləri çəkildi.













