Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.
Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşıb, əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqlarını tutaraq Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildiriblər.
Aksiyada gürcüstanlı ictimai xadimlər və politoloqlar da iştirak edib. Baş verə biləcək təxribatların qarşısını almaq məqsədi ilə əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.
Mənbə: APA