Deputat gömrüklə bağlı qəbul edilən dəyişikliyin yanlış olduğunu bildirdi

“Mən bu absurd dəyişikliyi Milli Məclisdə mütləq qaldıracam. Bu dəyişiklik belə bir çətin dövrdə dövlətimizin iqtisadi siyasətinə, cənab Prezidentin müəllifi olduğu çoxşaxəli islahatların ruhuna ziddir. Məncə bu məsələyə yenidən və ədalətlə baxılmalıdır. Artıq sosial şəbəkələrdə bu yeni qərarla bağlı ciddi müzakirələr gedir və vətəndaşlar tərəfindən haqlı narazılıqlar səslənir.
Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, – görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.
Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır”.