Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi

“Ayaz Quliyevin “Anji”yə dəvətinin təşəbbüskarı mən və Osman Kadıyev idi. Ayazı “Spartak-2”-dən yaxşı tanıyırdım. O, 6, 8 və 10 nömrələrin keyfiyyətlərini özündə birləşdirən unikal futbolçudur. Quliuyev dayaq yarımmüdafiəçisi kimi də oynaya bilir, hücumameyilli kimi də”.
Mediamax Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan Rusiya mətbuatına açıqlamasında “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev haqda danışarkən deyib.
İntizamsızlığına görə Ayazın “Spartak”ın ikinci komandasına göndərilməsinə münasibət bildirən erməni mütəxəssis əslində onun tərbiyəli bir insan olduğunu qeyd edib, haqqında xoş sözlər deyib: “Onun bəzən özünü idarə edə bilməməsi hər kəsə məlumdur. Ancaq bu, mahiyyəti dəyişmir. Ayaz tərbiyəli və saf bir insandı. Onun potensialının nə olduğunu bilmək istəyirsizsə, “Anji”də “Zenit”ə qarşı oynadığı matça baxın. Görüş 1:1 hesabıyla bitdi, ancaq ən azı üç top vurmalıydıq. Bütün komanda çox yaxşı oynamışdı. Lakin Quliyevin yarımmüdafiədəki hərəkətlərinə baxın və mənə deyin ki, Ruusiyanın mərkəz yarımmüdafiəçiləri arasında belə performans göstərə biləcək futbolçu varmı?”
Qeyd edək ki, Ayaz 2017-ci ilin yanvarından dekabrınadək “Anji”də çıxış edib.