Hərbi Prokurorluqda yeni idarələr

Baş Prokurorluqdan verilən məlumata görə, Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılıb.
İdarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, bəzi idarələr və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindənkənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilmiş, Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindənkənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə, Şöhrət Qəhrəmanova Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilmiş, Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyin edilmişlər.
Mənbə: BakuPost