Lənkəranda “İntellektual Oyunlar üzrə II Cənub Kuboku” layihəsi baş tutub
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi olan “İntellektual Oyunlar üzrə II Cənub Kuboku” layihəsi çərçivəsində Lənkəran gəncləri üçün “Nə? Harada? Nə zaman?” oyunu formatında intellektual yarış keçirilib.Yarışda sözügedən şəhərdən olan gənclər mübarizə aparıblar. Yarışın açılışında layihənin rəhbəri Ramal Ağazadə, GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri və layihənin eksperti Famil Məmmədov çıxış edərək intellektual oyunların gənclərin təməl inkişafındakı, bilik və bacarıqlarının artırılmasındakı rolunu və gələcəyin yüksək savadlı kadrlarının yetişdirilməsindəki əhəmiyyətini vurğulayıblar. Lənkəran şəhər 2 saylı tam orta məktəbdə baş tutan turun qalibi 30 sualdan 2-nə düzgün cavab verən “Ceterus-Paribus” komandası olub. “The Boys” komandası ikinci, Sarı adı altında çıxış edən kollektiv isə üçüncü yeri tutub. Toplam 16 komandanın tərkibində 100-ə yaxın gəncin iştirak etdiyi layihə Lənkəran və Masallı şəhərlərində baş tutdu. Turların nəticəsinə görə hər şəhərin ən güclü komandası qalib adını qazandı.Layihənin keçirilməsində məqsəd gənclərin intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir.