Lənkəranda “Ulu Öndər və gəncliyimİZ” mövzusunda dəyirmi masa keçirilib.

MEDIAMAX xəbər verir ki, Lənkəran Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşları, gənclərin iştirakı ilə “Ulu Öndər və gəncliyimİZ” silsilə tədbirləri çərçivəsində dəyirmi masa keçirilib.
Müzakirə zamanı ilk olaraq Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və tarixçi, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnarə Seyfullayevanın çıxışları dinlənilib. Onlar Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən birinin məhz gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdən ibarət olduğunu bildiriblər. Gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin danılmaz xidmətlərindən danışıblar.
Qeyd edək ki, dahi lider gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masa gənclərlə fikir mübadiləsinin aparılması ilə başa çatıb.




