Lənkəran gəncləri üçün “Bələdçi ol” layihəsinə start verildi.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Bələdçi ol” layihəsinin Lənkəran gəncləri üçün açılış tədbiri və ilk təlimi keçirilib.
Layihə rəhbəri Nazlı İbrahimli iştirakçılara layihə haqqında ətraflı məlumat verərək Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edib ki, 3 aylıq icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir. Əsas məqsədi regionda yaşayan gənclərin turizm bələdçliyi, bələdçilik fəaliyyətində bacarıqlar, turizm növləri, tur proqramlarının hazırlanması və s. istiqamətlər üzrə bilik və bacarığını artırmaqdır. Layihə çərçivəsində 2 tam gün təlim, 1 gün isə Lənkəran şəhərində yerləşən turistlərə maraqlı yerlərə ekskursiya təşkil olunacaq.
Tədbirin açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov iştirak edərək Gənclər Fondunun dəstəklədiyi layihələrdən, regionlardakı gənclərin fəallığından bəhs edib, layihəyə uğurlar arzulayıb. Bundan başqa “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də çıxış edərək gənclərin turizmə maraq göstərməsini böyük qiymətləndirdiyini və ölkəmizin turizm imkanlarını qeyd edib.
Layihənin ilk təlim günündə təlimçi Rafət Şirəliyev tərəfindən bələdçilik, bələdçinin bacarıqları, turizm növləri və s. mövzular üzrə komanda çalışmaları və təqdimatlar olub. Növbəti gün isə tur proqramının hazırlanması, bələdçinin əraziləri təhlil etməsi, turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili kimi mövzular üzrə də təlimlər təşkil ediləcək.






