Lənkəranda Azərbaycan Gəncləri Günü təntənəli şəkildə qeyd olunub.

MEDIAMAX xəbər verir ki, 2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və GİKM-in Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov və gənclər Heydər Əliyevin adını daşıyan xatirə parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar. Şəhərin mərkəzi parkında Ulu Öndərin gənclər haqqında etdiyi çıxışlarından hazırlanmış videoçarx izlənilib.
O cümlədən, gənclərlə birgə Şəhidlər xiyabanı memorial kompleksi ziyarət edilib. Şəhidlərimizin abidələri və məzarları önünə güllər düzülüb və əziz xatirələri ehtiramla yad olunub.
Sonra isə Lənkəran Olimpiya İdman Kompleksində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində əyləncəli tədbir təşkil edilib. İctimai-sosial fəaliyyətlərdə aktivlik göstərən gənclərimiz fəxri fərmanlarla təltif olunublar.
Tədbirin bədii hissəsi Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzi tərəfindən reallaşdırılıb.
Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı bayram tədbiri Lənkəran ŞİH-nin dəstəyi, Lənkəran ŞGİİ-nin, GİKM-in Lənkəran nümayəndəliyinin və Lənkəran Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.















