Lənkəranda məktəblilər üçün Sosial Sahibkarlıq ideyaları Çempionatı keçirildi
Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində qalib olmuş “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin çempionat günü keçirildi.
Tədbiri giriş sözü ilə Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi və “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin rəhbəri Şabəyim Həbibzadə açaraq gələn qonaqları salamlayıbdır. Daha sonra layihənin donoru və məqsədləri haqqında məlumat veribdir. O qeyd edibdir ki, layihə Xarxatan kənd tam orta məktəbinin 30 şagirdini əhatə etməklə, 3 ay davam edibdir. 3 ay ərzində şagirdlərə sosial sahibkarlıqla bağlı 8 təlim sessiyası həyata keçirilibdir. Daha sonra onlar komandalara bölünərək komanda şəklində ideyalar üzərində çalışıb, təqdimatlar hazırlayıblar.
Tədbirdə iştirak edən Xarxatan kənd tam orta məktəbinin direktoru Faiq Babayev çıxış edərək, layihənin məktəb və şagirdlər üçün əhəmiyyətini qeyd edibdir. O, bu tip qrant layihələr müəllimlərin inkişafına və şagirdlərlə səmərəli fəaliyyətlər həyata keçirməsinə faydalı olduğunu vurğulayıbdır.
Layihədə iştirak edən 30 nəfər şagird hər komandada 6 nəfər olmaqla 5 komandaya bölünübdür. 1 aya yaxın müddət ərzində hazırladıqları ideyaları münsiflər qarşında təqdim ediblər. Təqdim edilən mövzular, kənd qadınlarının işsizliyi, fiziki məhdudiyyətli şəxslərin əl işləri, sərnişin daşımada vaxtın izlənilməsi, sahibsiz heyvanlar və milli geyimlərin istehsalını əhatə edibdir.
Təbdirdə həmçinin layihənin təlimçisi Rafət Şirəliyev, layihənin eksperti Famil Məmmədov və gənc sahibkar Ələkbər Şükürlü iştirak edibdir.
Layihədə iştirak edənlərin hər birinə sertifikat və hədiyyələr təqdim edilibdir.