Ç. İyn 25th, 2025

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə:

Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Skautinq: şagirdlərin həyat tərzi kimi” layihəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində üç günlük unudulmaz skaut düşərgəsi təşkil olundu.

Düşərgədə Bakı şəhəri 217 nömrəli tam orta məktəbin seçilmiş mauqli yaş qruplu 30 şagirdi, layihə rəhbəri Aynur İbrahimova, skaut təlimçiləri Rüqayə Məmmədova, Aygün Rəşidova, İslam Şükürov və s iştirak etdilər. Skautlar 3 gün müddətində 6 patrula bölünərək düşərgənin idarəsində, tapşırıqların yerinə yetirilməsində və fəaliyyətlərin təşkili prosesində fəal rol aldılar.

Proqram boyunca skautlara “Duyğuların buzdağı” və “Səmti müəyyən etmə və istiqamət nişanları” mövzularında həm nəzəri, həm də praktik təlimlər keçirildi. İştirakçılar komanda oyunları, idman yarışları və strategiyaya əsaslanan tapşırıqlarda bacarıqlarını göstərdilər.

Axşam saatlarında isə tongal ətrafında skautların bədii çıxışları düşərgəyə xüsusi ruh qatdı. Patrullar öz səhnəcikləri, parodiyaları, musiqi və rəqsləri ilə əsl bayram əhval-ruhiyyəsi yaratdılar. Açıq hava şəraitində təşkil olunan pikniklər və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, M.Ə.Sabirin ev muzeyinə ekskursiyalar uşaqların həm öyrənməsinə, həm də əylənməsinə şərait yaratdı.

Düşərgənin sonunda fəal və məsuliyyətli skautlar xüsusi olaraq təltif olundular. Skautlar bu düşərgədə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar, lider və təşkilatçı kimi yetişdilər.

Layihənin rəhbəri – Bakı şəhəri 217 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimovadır.
Layihənin məqsədi — şagirdlərin həyat bacarıqlarını inkişaf etdirmək, onları liderliyə, birgəyaşayış mədəniyyətinə və vətənə faydalı fərd kimi formalaşdırmaqdır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com