Ça. Sen 16th, 2025

Lənkəranda şəhid Samir Allahverdiyevin adına minifutbol meydançası açılıb

Sentyabrın 13-də Lənkəran şəhəri Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin adını daşıyan minifutbol meydançasının açılış mərasimi keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidlərin adlarının əbədiləşdirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu qeyd edib. O, yeni açılan minifutbol meydançasında təhsil alan şagirdlərin Samir Allahverdiyevin yarımçıq qalmış arzularını davam etdirəcəyinə inandığını vurğulayıb.

Millət vəkili Fariz İsmayılzadə isə ölkədə idman siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yeni istifadəyə verilən idman qurğuları gənclərin sağlam həyat tərzinə marağını artırır.

Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov çıxışında şəhid Samir Allahverdiyevin gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Şəhidin atası Elçin Allahverdiyev də tədbirdə çıxış edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Mərasimdən sonra iştirakçılar məktəbdə fəaliyyət göstərən “Zəfər muzeyi” ilə tanış olublar.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com