Masallı rayonunda məktəblilərin IT biliklərinin artırılması üçün dərnəklərə start verilib.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş “Start IT Dərnəkləri” layihəsinə start verilib.
Layihənin açılış tədbiri və ilk təlimi Masallı rayon Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbində təşkil edilib. Təbdir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən layihə rəhbəri Rəhman Məmmədov layihənin donoru və məqsədləri haqqında məlumat verib. O, qeyd edib ki, layihə məktəblilərin informasiya texnologiyalarına marağının artırılması, rəqəmsal bacarıqlara yiyələnməsi və bu sahədə yeni biliklərin əldə edilməsini özündə əks etdirir. Layihə Masallı rayonunun 8 məktəbində ümumilikdə 100-ə yaxın şagirdi əhatə edəcək. Hər məktəbdə iki günlük dərnəklər təşkil olunacaq.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə strukturunun müdir müavini Samit İslamov belə layihələrin şagirdlərə faydalı olduğunu və onların əldə etdiyi məlumatlarla doğru ixtisas və peşə seçiminə təsir göstərdiyini qeyd edib. Müasir təhsil və ixtisasların mütləq IT biliklərlə əlaqəli olduğunu bildirib.
Daha sonra tədbirdə çıxış edənlər – Masallı rayon Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbinin direktoru İsa İbadov və digər müəllimlər layihənin onların məktəbində start götürməsindən məmnunluq duyduğunu qeyd ediblər.
Qeyd edək ki, 4 ay davam edəcək layihənin təlimçisi Leyla Məmmədova, eksperti Rafət Şirəliyev olacaq.



