Masallıda kənd təsərrüfatı sahibkarları üçün aqroturizm layihəsinin təqdimatı olub.


MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birinci qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsinin növbəti təqdimatı Masallı rayonunda çalışan kənd təsərrüfatı sahibkarları üçün olub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rafət Şirəliyev layihənin donoru, məqsədləri və komponentləri haqqında məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində məlumatlandırmadan sonra seçiləcək 15 sahibkar üçün 3 müxtəlif günlük təlimlər həyata keçiriləcək. Təlimlərdən sonra biznes plan təqdim edən 3 sahibkara layihə çərçivəsində mal-material dəstəyi olacaq. Qurulacaq aqroturizm təsərrüfatlarının marketinq işləri görüləcək və həmin yerlərə infoturlar təşkil ediləcək. Daha sonra çıxış edən layihənin müəllifi Nemət Əliyev layihənin rayon üçün əhəmiyyəti və gözlənilən nəticələrindən bəhs edib.
Məlumatlandırma görüşündə bir neçə qurumun əməkdaşları, o cümlədən Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları da iştirak edib. Həmçinin tədbirdə çıxış edənlər Masallı DAİM-in rəisi Seymur Nuriyev və Masallı KOB Dostu Cavad Əzizov bu tip layihələrin kənd təsərrüfatı və turizm məhsullarının inkişaf etməsinə fayda verdiyini qeyd ediblər. Tədbirdə iştirak edən 20-dan çox kənd təsərrüfatı sahibkarları üçün layihənin eksperti Samir Axundov və təlimçisi Samir Salayev tərəfindən aqroturizm nədir, aqroturizmin imkanları və faydaları, aqroturizmin iqtisadi təsiri və s. mövzuları əhatə edən təqdimat edilib. Sonda iştirak edənlərlə fikir mübadiləsi aparılmış və suallar cavablandırılıb. İştirak edən hər bir sahibkara sertifikatlar təqdim edilib.








