Masallıdan olan məktəblilər üçün Lənkəran şəhərində 2 günlük düşərgə təşkil edilib.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayon Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsi çərçivəsində Masallı rayonun 12 məktəbindən seçilmiş 15 nəfər yuxarı sinif şagirdləri üçün Lənkəran şəhərində 4-5 fevral 2023-cü il tarixində 2 günlük Sosial Sahibkarlıq Düşərgəsi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və layihə rəhbəri Tural Nuriyev layihənin donoru və məqsədləri haqqında məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində ilk olaraq Masallı rayonun 15 məktəbində 300-dən çox şagird üçün Sosial Sahibkarlq haqqında təlimlər təşkil edilib. Təlimlərdə fəal iştirak edən 15 nəfər şagird seçilərək Lənkəran şəhərindəki 2 günlük düşərgəyə cəlb edilib. Bu fəaliyyətlərin sonunda Masallı rayonunun sosial-iqtisadi potensialını daha yaxından görmək üçün müxtəlif müəssisə və qurumlara infotur təşkil ediləcək.
Düşərgədə məktəblilərə öz təcrübəsini bölüşmək üçün mentorlar dəvət edilib. “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, şəbəkələşmə və bacarıqlar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov, təqdimat və bədən dili, Lənkəran Dövlət Universitetinin müəllimi və ELM Tədris Mərkəzinin həmtəsisçisi Samir Salayev, mütaliə və araşdırma mövzularında məktəblilərə öz təcrübələrini və tövsiyələrini etmiş və məktəblilərin suallarını cavablandırıblar.
Həmçinin düşərgədə layihənin eksperti Nemət Əliyev və təlimçi Rafət Şirəliyev də iştirak edib. Onlar da müvafiq mövzular üzrə məktəblilər üçün düşərgə müddətində müxtəlif təlimlər, oyunlar və komanda işləri təşkil ediblər.
Sonda düşərgədə iştirak edən məktəblilərə sertifikatlar təqdim edilib.
Ətraflı məlumatlar üçün layihənin “facebook” səhifəsini izləyə bilərsiniz: https://www.facebook.com/mekteblilersosialsahibkarliq





