Milli Xalça Muzeyində növbəti yeniliklər baş verib

Bu gün yerli əhalini muzeylərə cəlb etmək məsələsi hər zaman olduğundan daha aktualdır. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, proqramlar və layihələr hazırlayır, tamaşaçılarını növbəti yenilikləri ilə sevindirir.
Həftənin 4 günü fəaliyyət göstərən muzeydə hər çərşənbə axşamı uşaqlar və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.
Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər.
Qeyd edək ki, muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. 6 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı qonaqlar üçün muzeyə giriş pulsuzdur.