Ça. İyn 24th, 2025

Nazir “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə videobağlantı formatında görüş keçirilib.

Mediamax.az saytının verdiyi xəbərə görə, görüşə Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.

Videotədbirdə çıxış edən nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Eyni zamanda ölkəmizdə internetin inkişafı haqqında məlumat verən Ramin Quluzadə bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, əhalinin İKT biliklərinin artırılması, elektron xidmətlərdən istifadənin təşviq edilməsi üzrə müxtəlif layihələr icra olunur.

“Eyni zamanda, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası qəbul olunub”, – deyə Ramin Quluzadə qeyd edib.

Nazir bildirib ki, 2016-cı ildən “Azərpoçt” MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində 2016-cı ildən “Azərpoçt” MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.

Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com