Ölkə başçısı Prezident Administrasiyasında vətəndaşların videoqəbulu qaydaları haqqında sənəd imzalanıb

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə qərara alıram:
- “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2020-ci il.