Qeyri-adi fobiyalar: gəlincikdən, evlənməkdən qorxanlar…

Gametofobiya – insanların evlənməkdən qorxması belə adlanır. Evlənmə qorxusu tez-tez rastlanan fobiyalardandır. Gametofobiya insanın keçmişdə yaşadığı travmalar, ətrafında olan uğursuz ailə tablosu, valideynlərinin davamlı olaraq münaqişə etməsi nəticəsində yaranan bağlanma qorxusudur. Bir çox gənclər xoşbəxt ailə haqqında düşünsə də, müəyyən qismi ailənin məsuliyyətindən və qarşı cinsin təsiri altına düşməkdən qorxurlar. Belə insanlar uzunmüddətli münasibət qura bilmir və tək yaşamağa üstünlük verirlər. Münasibət qurduqları insanın hər xırda hərəkətinə fikir verir və qüsurlar axtarmağa çalışırlar. Bu problemi yaşayan insanlar özləri şəxsi həyatları ilə bağlı qərar verməyə çətinlik çəkirlər. Mütləq şəkildə kiminsə tərəfindən dəstək almağa çalışırlar. Yaxşı olardı ki, bu dəstəyi mütəxəssislərdən alsınlar.
Pediafobiya – Gəlincik çoxumuz üçün sevimli və xoş əşya olsa da, hamı bu fikirlə razılaşmır. Çünki pediafobiya insanların gəlinciklərdən ciddi qorxmasına verilən addır. Əgər fobiya irəliləyibsə, hətta panik atak və buna bənzər problemlər də yarana bilər. Keçmiş travmalara əsaslanan bu tip fobiyanın baş verməsi gəlinciklərin bir növ insan fiquruna oxşamasından irəli gəlir. Xüsusilə realist dizayn edilmiş gəlinciklər daha ciddi səviyyədə pediafobiyaya səbəb ola bilər. Təbii ki, kuklaların canlandığı və insanları öldürməyə çalışdığı qorxu filmlərini də bu sıraya daxil etmək olar.
Neofobiya – yeni əşyalar və yaxud əldə edilmiş yeni təcrübələr qarşısında duyulan qorxu hissidir. Bir çox konservativ insanlar çox vaxt köhnə adət-ənənələri qorumaq və hər şeyi əvvələ qaytarmaq istədikləri üçün neofobiyaya tutulurlar. Texnofobiya isə neofobiyanın bir növüdür və yeni texnologiyalardan qorxu hissidir.
Monofobiya – tək qalmaq qorxusu. Bu insanlar ətraflarında kiminsə yoxluğunu hiss edirlər. Bu qorxu daha çox yeniyetmə qızlar və oğlanlarda müşahidə edilsə də, bu yazını oxuyan hər kəsdə az da olsa var. Ən pisi də odur ki, bu xəstəliyə tutulduğunuz zaman məntiqsiz şəkildə özünüzdən qorxmağa başlayırsınız və nəticədə özünüzə zərər verə bilərsiniz.
Nomofobiya – Dövrün yeni fobiyası olaraq bilinən nomofobiya sürətlə inkişaf edən texnologiya ilə ünsiyyətdən uzaq olmaq qorxusudur. İnsanlar telefondan çox vaxt uzaq qala bilmirlər. Mobil telefonlara bu cür aludəçiliyin səbəbi insanların öz ailələri və dostları ilə daim təmasda olmaq istəyi ilə izah olunur. Ətrafınızdakı insanları araşdırdığınız zaman bu fobiyaya sahib insanların çox olduğunu asanlıqla görə bilərsiniz. Kişilərin 58 faizi, qadınların isə 48 faizi telefonunu itirdikdə nomofobiyanın artdığını söyləyirlər.