Şəhidlərimizin əziz xatirəsinə ithaf olunan “Zəfər Kuboku” uğurla başa çatıb

İnformasiya dəstəyi göstərdiyimiz “Zəfər kuboku”nun bütün oyunları Mediamaxın YouTube kanalında canlı yayımda izləyicilərə təqdim edilib.
Böyük Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf edilən mini futbol üzrə “Zəfər kuboku”nun final oyunu və təltifetmə mərasimi keçirilib. “Bundesteam FK” və “Master 114 FK” komandalarının final qarşılaşması Dövlət Himnimizlə başlayıb. Çempionatın final oyunu gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Nəticədə “Bundesteam FK” 4:2 hesabıyla “Master 114 FK” futbol klubuna qalib gəlib. Beləliklə, “Bundesteam FK”, “Master 114 FK” və “Teledünya FK” komandaları “Zəfər kuboku”nda müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Sonda qalib komandalar kubok və medallarla təltif olunublar. “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı qol” və “Bombardir” nominasiyalarının qalibləri də mükafatlandırılıblar.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin tərəfdaşlığı və “Maximum Education & Consulting” şirkətinin təşkilatçılığı ilə keçirilən “Zəfər kuboku”nun sponsorları “Teledünya” mobil mağazası, “Hakim İnşaat Malları”, “Star Group” və Cənublu.az şirkətləridir. 16 komandanın yarışdığı mini futbol çempionatı pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib. Çempionat keçirildiyi 1 ay ərzində kifayət qədər marağa səbəb olub.





