“Sağlamlığ bəyannaməsi” olmayanlar imtahana buraxılmayacaq

Azərbaycanda koronavirusa görə təxirə salınmış orta məktəbdən buraxılış imtahanları iyunun 10-dan bərpa olunur.
Bu il koronavirus pandemiyasına görə imtahanların keçirilməsilə bağlı edilmiş dəyişiklərdən biri də Azərbaycanda orta məktəbdən buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin imtahana buraxılış vərəqi ilə yanaşı sağlamlıq bəyannaməsini də gətirməli olublar.
İyunun 2-də bəyannamə ilə bağlı məlumat verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, “bəyannaməni təqdim etməyən şəxslər imtahana buraxılmayacaqlar”.
Dövlət İmtahan Mərkəzinin sözçüsü bildirib ki, “bəyannaməni imtahana buraxılış vərəqəsini çap edərkən əldə etmək mümkündür”.
“Hər imtahana beş gün qalmış imtahana gedəcək şəxslər buraxılış vərəqini çap edə bilirlər. Siz imtahana buraxılış vərəqəsini çap edəndə, o da çıxır. Elə bil iki səhifədir, biri imtahana buraxılış vərəqəsidir, ikincisi isə sağlamlıq haqqında bəyannamədir,” – Xanlar Xanlarzadə deyib.
O əlavə edib ki, bəyannamədə imtahana gələn şəxsin iş nömrəsi, adı, soyadı, ata adı qeyd olunur.
“Həmin bəyannamədə şəxs öz üzərinə götürür ki, özündə və ailə üzvlərində son 15 gün ərzində koronavirusa yoluxma faktı aşkarlanmayıb. Belə fakt aşkarlanarsa, vətəndaş da yanlış məlumat verərsə, o, məsuliyyəti öz üzərinə götürür. Yəni, yanlış məlumat vermiş şəxsin nəticələri ləğv olunacaq”.
Dövlət İmtahan Mərkəzi iyunun 1-də yaydığı məlumatda bildirib ki, temperaturu yüksək olanlarla yanaşı, “tibbi maska taxmayan, həmçinin qurumun saytında qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan abituriyent imtahana buraxılmır”.
Xanlar Xanlarzadə deyir ki, bu il buraxılış imtahanında iştirak edə bilməyən şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilməyəcəklər, çünki “mövcud şəraitlə əlaqədar buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün ayrıca qəbul imtahanı təşkil etməyə qurumun imkanı yoxdur”.
“Burada digər insanların həyatı və sağlamlığı nəzərə alınır. Hər həftə 40-45 min şəxs imtahanda iştirak edəcək. Ona görə də bu proses sentyabr ayına qədər uzanacaq, çünki digər imtahanlar var, bölgələrdə keçirilməli olan imtahanlar var. Ona görə də bu imtahanı yalnız sentyabr ayında təşkil etmək mümükündür,”- qurum sözçüsü əlavə edib.
Mənbə :BBC News Azərbaycanca