Salyanda COVID-19 xəstələri yaşayış yerini tərk ediblər

Tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunmasına ciddi nəzarət edən polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində “COVİD-19” infeksiyasına yoluxduğunu bilərək yaşayış yerini tərk edən şəxslər saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi hazırda “COVİD-19” virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl olunmasını tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və başqalarının yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Mənbə: Oxu