Twitter Donald Trampın paylaşdığı videoyazını sildi

Tvitter sosial şəbəkəsi müəllif hüquqları pozuntusu ilə bağlı şikayətə görə ABŞ Prezidenti Donald Trampın paylaşdığı videoyazını silib. Bu barədə “Reuters” agentliyi xəbər verib.
Söhbət Trampın seçkiqabağı kampaniyası ilə bağlı çarxdan gedir. Belə ki, videoda Linkin Park rok qrupunun mahnısından istifadə edilib. Müəllif hüquqları pozuntusu ilə bağlı şikayət musiqi qrupuna aid olan musiqi şirkəti “Machine Shop Entertainment”dən gəlib.
İndi paylaşılan videonun əvəzinə, müəllif hüquqları sahibindən şikayətin alınması ilə əlaqədar məzmunun silinməsi barədə qeydi görmək mümkündür.
“Biz müəllif hüquqları sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bizə göndərilən müəllif hüquqları pozuntusu ilə bağlı əsaslı şikayətlərə cavab veririk”, – agentlik tvitter nümayəndəsinin məlumatını sitat gətirir.
Mənbə : Qafqazinfo