“Xarici dilləri Duolingo ilə öyrənək” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Xarici dilləri Duolingo ilə öyrənək” layihəsinin bağlanış mərasimi Masallı şəhər Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbdə keçirilib.

Layihə rəhbəri İlahə Əlili layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və xarici dilləri öyrənməyin faydaları barədə qısa məlumatlar diqqətə çatdırıb. Layihənin təlimçisi Nemət Əliyev çıxışında bildirib ki, elm və texnikanın inkişaf etdiyi bir dövrdə artıq təkcə ana dilini bilmək bizə kifayət etmir. Əlbəttə ki ana dilini bilmək, ana dilində mükəmməl danışmaq Azərbaycan Respublikasının vətəndaşı olaraq hamımızın borcudur. Xarici dilləri öyrənmək üçün müxtəlif üsullar var. Bu üsullar arasında hal-hazırda ən məhşur üsullardan biri pulsuz proqramlardır. Pulsuz proqramlar içərisində ən çox yüklənən proqram Duolingo proqramıdır. Duolingo proqramı bütün dünyada 300 milyondan çox istifadəçisi ilə öyrənməni əyləncəli bir hala gətirən, ən çox tələbat olan təhsil platformalarından biridir. Layihənin eksperti Rafət Şirəliyev çıxışında layihənin günümüzün tələbləri ilə tam uyğunlaşmasını vurğulayaraq qalibləri təbrik edib. Tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əkbər Mahmudov, məktəb rəhbərləri, Duolingo online yarışmasında qalib olan 10 şagird, xarici dil müəllimləri, valideynlər iştirak edirdilər. Məktəb rəhbərləri də həmçinin öz çıxışlarında “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi” nin əhəmiyyətini xüsusi vurğulayaraq layihə komandasına gələcək işlərində uğurlar arzuladıqlarını bildirdilər. Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olundu.

Qeyd edək ki, layihənin məqsədi xarici dil biliyi olan şagirdlərin digər xarici dilləri öyrənməsi üçün Duolingo proqramının dərinliklərinə yiyələnməsini təmin etmək və şagirdlərin içindəki yaradıcılıq bacarığını, fikir bildirmə mexanizmini ön plana çıxarmaq, şagirdlərin dili təkcə test işləyə bilməsi üçün deyil eyni zamanda dinləmə, yazma, oxuma, tələffüz bir sözlə tam təkmil formada öyrənməsinə nail olmaqdır.
Hörmətlə
Masallı rayon S. Məmmədov adına
Sərçuvar kənd tam orta məktəbinin müəllimi
Layihə rəhbəri: İlahə Əlili
Tarix: 29.01. 2022