Ç. İyn 25th, 2025

Masallıda “İntellektual Oyunlar üzrə II Cənub Kuboku” layihəsi baş tutub

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi olan “İntellektual Oyunlar üzrə II Cənub Kuboku” layihəsi çərçivəsində Masallı gəncləri üçün “Nə? Harada? Nə zaman?” oyunu formatında intellektual yarış keçirilib.

Yarışda sözügedən şəhərdən olan gənclər mübarizə aparıblar. Yarışın açılışında layihənin rəhbəri Ramal Ağazadə, GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri və layihənin eksperti Famil Məmmədov və Masallı rayonu üzrə nümayəndəsi Orxan Əliyev çıxış edərək intellektual oyunların gənclərin təməl inkişafındakı, bilik və bacarıqlarının artırılmasındakı rolunu və gələcəyin yüksək savadlı kadrlarının yetişdirilməsindəki əhəmiyyətini vurğulayıblar. Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutan turun qalibi 30 sualdan 16-na düzgün cavab verən “Afina” komandası olub. “Van dayk” komandası ikinci, Old Boys adı altında çıxış edən kollektiv isə üçüncü yeri tutub. Toplam 16 komandanın tərkibində 100-ə yaxın gəncin iştirak edəcəyi layihədə Lənkəran və Masallı şəhərlərində baş tutacaq turların nəticəsinə görə hər şəhərin ən güclü komandası qalib adını qazanacaq.

Layihənin keçirilməsində məqsəd gənclərin intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com